2022-ci il mayın 14-də Xəzər Universiteti Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun (MƏFAİ) ənənəvi “Açıq qapı” günündə məşhur italyan rəssamı və heykəltəraşı Mikelancelonun “Adəmin yaradılması” əsəri haqqında söhbət açıldı. Bu əsər təxminən 1511-1512-ci illərdə Mikelancelo tərəfindən Sikstin kapellasının tavanında çəkilmiş freska rəsmlərindən biridir. Freskoda Bibliyanın Yaradılış kitabındakı insanın yaradılması hekayəsinə əsasən Tanrının ilk insan olan Adəmə nəfəs verməsi təsvir edilib.
Əvvəlcə rəssam Mehdi Səmədi əsərin sənətkarlıq xüsusiyyətləri barədə dolğun məlumat verdi. Sonra Dr. Emin Əlilu əsəri insan beyninin anatomiyası baxımından təhlil etdi. Əsərdəki mələk təsvirlərinin insan beyninin ön, orta, arxa və s. hissələrinin yerlərinə uyğun olduğunu qeyd edən E. Əlilu Mikelancelonun qeyri-adi bir istedad və ilham nəticəsində insan beyninin bu gün belə tibb aləminə tam aydın olmayan gizli funksiyalarına bələd olduğu və onları öz yaradıcılığında tətbiq etdiyi barədə maraqlı bilgilər verdi və sualları cavablandırdı.