2019-cu il dekabrın 12-də Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamenti “Mövlana Cəlaləddin Rumi şeirinin irfani və poetik xüsusiyyətləri” mövzusunda dəyirmi masa keçirdi. Dəyirmi masanı giriş sözü ilə açan Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova yaxın Şərq bədii-estetik fikrinin, xüsusilə təsəvvüf ədəbiyyatının və ideyalarının inkişafında, mənəvi saflaşma düşüncəsinin yayılmasında, böyük mütəfəkkirlər –Nizami, Nəsimi, Füzuli, Şəms Təbrizi və Mövlana Cəlaləddin Ruminin misilsiz xidmətlərindən bəhs etdi. Dəyirmi masanın əsas məruzəçisi AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Məmmədli Mövlana Cəlaləddin Ruminin “Divani-Kəbir” adlı divanının poetikası, dərin fəlsəfi məzmunundan söhbət açdı. N.Məmmədli orijinal nümunələr əsasında divandakı şeirlərin oynaq vəzni, səmimiyyəti, yüksək pafosu haqqında aydın təsəvvür yaratdı. Əsərin “Divani-Şəms Təbrizi” adı ilə də məşhur olmasını qeyd edən Nəzakət Məmmədli Şəms Təbrizi şəxsiyyəti, onun Mövlananın həyatında oynadığı böyük roldan danışdı, əsərin nədən Şəmsin adı ilə bağlandığını izah etdi.
Daha sonra məruzəçi Mövlananın “Məsnəvi” əsərini yüksək əxlaqi və mənəvi keyfiyyətlər aşılayan, kamilliyə çatmağın yollarını açıqlayan, insan psixologiyasının ən incə nöqtələrinə toxunaraq, onu mənəvi inkişafa səsləyən bir əsər kimi səciyyələndirdi. N.Məmmədli əsərdəki müxtəlif hekayələrdən nümunələr gətirərək, onların simvolik mənalarını açdı, yüksək tərbiyəvi əhəmiyyəti barədə məlumat verdi.
Dəyirmi masada departamentin akademik heyəti ilə birlikdə tələbələr və universitet nəzdində fəaliyyət göstərən Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar Mərkəzinin tədqiqatçıları da iştirak edirdilər. Mərkəzin tədqiqatçılarının mövzu ilə bağlı çıxış və təklifləri maraqla qarşılandı.