13-15 noyabr 2024-cü il tarixində Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun müdiri filologiya elmləri doktoru Nəzakət Məmmədli Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayevin layihə rəhbərliyi ilə böyük Qaraqalpaq şairi Hacıniyaz Kosıbay oğlunun anadan olmasının 200 illiyi münasibətilə şairin əsərlərinin Türkiyə və Azərbaycan türkcəsinə tərcümələrinin təqdimat mərasimində və Türk Akademiyası və Qaraqalpaq Humanitar Elmlər İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq elmi konfransda iştirak etmişdir.
Hacıniyazın əsərləri Azərbaycan türkcəsinə Nəzakət Məmmədli, Türkiyə türkcəsinə Hüseyin Yıldırım tərəfindən tərcümə edilmişdir.
- Məmmədli 13 noyabr 2024-cü ildə Berdağ adına Qaraqalpaq Universitetində təşkil edilmiş təqdimat mərasimində şairin seçilmiş əsərlərindən ibarət “Bəylər, tərif edim Qalpaq yurdunu” adlı şeirlər kitabının tərtibçisi, tərcüməçisi, qeyd və izahların, giriş məqaləsinin, lüğətin müəllifi kimi çıxış edərək Qaraqalpaq və Azərbaycan ədəbi əlaqələrindən, Hacıniyaz yaradıcılığının bədii xüsusiyyətlərindən bəhs etmişdir.
14 noyabrda konfransın açılışı Ginnesin rekordlar kitabına düşmüş ən böyük yurtada (çadırda) baş tutmuşdur. N. Məmmədliyə Qaraqalpaq ədəbiyyatına göstərdiyi xidmətlərə görə Qaraqalpaq Respublikası Yüksək Məclisinin Fəxri Üzvlük diplomu təqdim edilmişdir.
Daha sonra bölmə iclasları keçirilmiş və N. Məmmədli “Hacıniyaz və Azərbaycan aşıq ədəbiyyatı” mövzusunda məruzə ilə çıxış etmişdir. N. Məmmədliyə həm Türk Akademiyasının təşəkkürnaməsi, həm də konfransın sertifikatı təqdim edilmişdir.