Xəzər Universitetinin 12-14 dekabr 2024-cü il tarixlərində ev sahibliyi etdiyi “IX Beynəlxalq Rumi Simpoziumu”nun əcnəbi məruzəçiləri simpoziumun ikinci günü Azərbaycan Gəncliyə Yardım Fondunu ziyarət etmişlər.
Yaxın Şərq Universitetinin Rumi Araşdırmalar Mərkəzi tərəfindən Mövlana, mövləvilik, təsəvvüf, hikmət mövzularında ənənəvi olaraq hər il düzənlənən elmi simpozium bu il Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə Xəzər Universitetinin ev sahibliyində Bakıda baş tutdu. Qeyd edilməlidir ki, “Rumi elmi simpoziumu” bir çox ölkələrdən dəyərli alim və tədqiqatçılar tərəfindən təsəvvüf ədəbiyyatı, fəlsəfə, mövləviliyə elmi aspektdən baxış, irfan və hikmətlə bağlı səriştəli araşdırmaların təqdim olunduğu mötəbər elmi tədbirdir.
Simpozium 12 dekabr tarixində üz-üzə, 13 dekabrda isə onlayn formatda həyata keçirildi. Simpoziumda Azərbaycandan başqa Türkiyə, Qazaxıstan, Özbəkistan, Pakistan, Hindistan, ABŞ, İran, Kanada, Kipr, Əlcəzairdən 36 məruzəçi əyani, 31 məruzəçi isə onlayn şəkildə öz elmi yeniliklərini təqdim etdilər.
13 dekabr tarixində Bakı şəhəri gəzintisi çərçivəsində Gəncliyə Yardım Fondunun dəvətilə bu qurumu ziyarət edən qonaqlar şam süfrəsində konfrans və Azərbaycanla bağlı təəssüratlarını bölüşdülər. Sonda xatirə şəkli çəkildi və qonaqlara Fondun nəşrlərindən hədiyyə edildi.