Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə Xəzər Universitetində “Füzuli poeziyası irfan və ümumbəşəri mənəvi dəyərlər işığında” mövzusunda beynəlxalq elmi simpozium keçirildi. Tədbir 2024-cü il oktyabrın 14-15-də universitetin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu və Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı, Zakher Travel turizm şirkəti və Gəncliyə Yardım Fondunun maddi dəstəyi ilə baş tutdu.
Simpoziumun məqsədi dünya mədəni irsinə dəyərli töhfələr vermiş türkdilli ədəbiyyatın ən qüdrətli söz ustadlarından biri olan Füzulinin ədəbi-fəlsəfi məktəbinin hərtərəfli müzakirəsi idi.
Füzuli irsinin öyrənilməsi, beynəlxalq ədəbi ictimaiyyətə daha yaxından tanıdılması bu gün mənəvi dəyərlərin arxa plana keçdiyi, dünyada müharibələrin, terrorun, ictimai duyarsızlığın və laqeydliyin hökm sürdüyü bir zamanda çox gərəkli və önəmlidir.
Simpoziumun açılışı Gəncliyə Yardım Fondunun Dəyər televiziyası tərəfindən Füzuli haqqında hazırlanmış videoçarxın nümayişi ilə başladı. Konfransın keçirildiyi Mərmər zalda Gəncliyə Yardım Fondunun tədqimatında Hikmet Barutçugilin “Füzulinin “Su” qəsidəsinə həsr olunmuş əbru sənəti” adlı sərgisi nümayiş olundu. Sonra qonaqları salamlayaraq, tədbiri açıq elan edən Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının Sədri Prof.Akad. Hamlet İsaxanlı Məhəmməd Füzuli irsinin tədqiq tarixindən, onun türk dili və ədəbiyyatının inkişafında oynadığı roldan bəhs edərək, konfransın işinə müvəffəqiyyətlər arzuladı. Rektor Dos.İradə Xəlilova simpoziumun əhəmiyyətinə diqqət çəkərək, konfrans iştirakçılarına uğur dilədi. Tədbirə qonaq olaraq dəvət olunmuş Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin direktoru akademik Rəfael Hüseynov Azərbaycan Füzulişünaslıq elminin problemlərinə diqqət çəkərək dahi şairin yaradıcılığına yeni baxış lazım olduğunu dilə gətirdi. Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun müdiri Dos.Nəzakət Məmmədli Füzuli şeirlərindən səsləndirərək, şairin diliylə qonaqları salamladı.
Simpoziumda “Füzulinin sələfləri və xələfləri”, “Füzuli yaradıcılığının sənətkarlıq xüsusiyyətləri”, “Füzuli yaradıcılığında milli və ümumbəşəri mənəvi dəyərlər”, “Füzuli yaradıcılığında irfan və təsəvvüf”, “Füzuli yaradıcılığında eşq”, “Füzuli şeirlərinə yazılan nəzirələr və təxmislər”, “Füzuli əsərlərinin dünya dillərinə tərcüməsi”, “Azərbaycan füzulişünaslığı dünən və bugün: problemlər və perspektivlər”, “Füzuli əsərlərinin tədrisi metodikası”, “Dünya ədəbiyyatşünaslığında Füzuli yaradıcılığı” kimi mövzularda 7 ölkədən 68 məruzəçinin çıxışı dinlənildi.
Qeyd edək ki, konfransın ilk günü (14 oktyabr) Xəzər Universitetinin Neftçilər kampusunda əyani olaraq baş tutdu, ikinci gün (15 oktyabr) onlayn formatda iştirakçılar dinlənildi. Onlayn hissə zoom platformasında çox müvəffəqiyyətlə təşkil olundu. Azərbaycan, Türkiyə, İran, İraq, Qazaxıstan, Hindistan, Macarıstandan olan məruzəçilər iki gün ərzində dahi Füzuli işığında elmi müzakirələr apardılar. Bağlanış mərasimi və dəyərləndirmə iclası Gəncliyə Yardım Fondunda axşam yeməyi ilə baş tutdu.
İştirakçılar simpoziumun təşkilatçılığını və məzmununu yüksək qiymətləndirdilər, təqdim olunmuş tezislər və məruzələr toplu şəklində nəşr olunacaq.